Şrift:
Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır
03.07.2024 [10:22] - Mədəniyyət
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərivə mühafizə zonasının və ərazisinin xüsusi rejimi təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Qoruğun tarix-memarlıq görkəminin, ərazisində yerləşən abidələrin təhlükəsizliyini, onların funksional təyinatını və uzunömürlülüyünü təmin etmək, habelə Qoruğun ətrafında formalaşmış təbii landşaftı mənfi vizual təsirlərdən qorumaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Qoruğun mühafizə (bufer) zonası yaradılacaq.

Qoruğun sərhədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Qoruq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən idarə edilir.

Qoruğun ərazisində yerləşən dövlət mülkiyyətində olan abidələr Nazirliyin balansındadır. Abidələrin texniki inventar sənədləri Qoruqda saxlanılır. Qoruq Ordubad şəhərində yerləşir. Qoruğun hüdudları daxilində yerləşən torpaq sahəsi və üzərindəki tikililər yeraltı mədəni təbəqələrlə birlikdə xüsusi rejimli sahə hesab olunur.

Qoruq ərazisində həyata keçirilən işlər Ordubad şəhərinin baş planına, Qoruğun statusuna, onun müfəssəl planına, inkişaf konsepsiyasına, tarix-memarlıq görkəminə, planlaşma strukturuna uyğun olmalı və təşəkkül tapmış həcm-məkan ölçülərini pozmamalıdır.

Qoruğun ərazisi tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi tədqiqat, təlim-tərbiyə, turizm, istirahət (rekreasiya), habelə ənənəvi sənətkarlıq və sair məşğuliyyət növlərinin nümayişi və inkişaf etdirilməsi məqsədləri üçün istifadə edilir.

Qoruq ərazisində abidələrin siyahıya alınması, onların pasportlaşdırılması Nazirlik tərəfindən həyata keçirilir.

Fiziki və hüquqi şəxslər Qoruq ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərlərinə xələl gətirə bilən, abidələrə və təbii landşafta təhlükə yaradan fəaliyyət növləri ilə məşğul ola bilməz.

Nazirliyin müsbət rəyi olmadan Qoruq ərazisində torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işləri aparıla bilməz.

Qoruq ərazisində aparılacaq hər hansı işlər Nazirliyin qərarı ilə qabaqlayıcı tədbirlər görülməklə həyata keçirilə bilər. Həyata keçirilən təhlükəsizlik tədbirləri inşaat işlərini aparan subyektin vəsaiti hesabına maliyyələşdirilir.

Qoruq ərazisinin şəhərsalma və təsərrüfat fəaliyyəti üçün istifadəsi məhdudlaşdırılır. Nazirliyin razılığı olmadan Qoruq ərazisində qeyd olunan fəaliyyət növləri ilə məşğul olmaq qadağandır.

Qoruq ərazisində hər hansı bərpa, inşaat-təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin ekspertizasını keçirmək, müxtəlif qorunma tələblərini irəli sürmək, layihələrin həyata keçirilməsinə razılıq vermək və işlərin razılıq verilmiş layihə və tələblərə uyğun aparılmasının monitorinqini təşkil etmək Nazirliyin səlahiyyətlərinə aiddir.

Abidələrin tarix-memarlıq görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Qoruq ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə inşaat-möhkəmləndirmə, bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya, abadlıq və digər işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Nazirliyin qərarı əsasında dövlət və yerli büdcələrin vəsaiti hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla Nazirliyin razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır.

İnşaat-möhkəmləndirmə, bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya, abadlıq və digər işlər yerinə yetirilərkən tikililərin ümumi miqyası və xarakteri, təşəkkül tapmış yerli memarlıq ənənələri nəzərə alınmalı və ənənəvi tikinti materiallarından istifadəyə üstünlük verilməlidir.

Qoruq ərazisində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi, yenidənqurma və yenidən planlaşdırma işlərinin razılaşdırılması mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir.

Hüquqi və fiziki şəxslər bərpa, təmir və təsərrüfat işləri (tikinti işləri istisna olmaqla abadlaşdırma, işıqlandırma, təmizlik, yaşıllaşdırma) görərkən abidə aşkar edilərsə, həmin işlər dərhal dayandırılmalı, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasına və Nazirliyə məlumat verilməlidir. Bu zaman bərpa və təmir işlərinin davam etdirilməsi barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyləri nəzərə alınmaqla, Nazirliyin razılığı ilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir və görülən işlər Nazirliyin nəzarəti ilə davam etdirilir. Görülməsi nəzərdə tutulmuş təsərrüfat işləri isə mütəxəssislərin rəyi nəzərə alınmaqla Azərbaycan Milli Elmlər Akademiyasının razılığı, Nazirliyin icazəsi və nəzarəti ilə davam etdirilə bilər. Bərpa, təmir və təsərrüfat işləri (tikinti işləri istisna olmaqla abadlaşdırma, işıqlandırma, təmizlik, yaşıllaşdırma) tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılarsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir. Nazirlik həmin işlər aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisinin iştirakını təmin edir.

Qoruq ərazisində magistral mühəndis kommunikasiyalarının (neft, qaz kəmərləri və s.) çəkilişi və digər inşaat işləri zamanı hektardan çox ərazini əhatə edən sahələrdə inşaat işləri aparılarkən texniki-iqtisadi əsaslandırma mərhələsində bu işləri həyata keçirən təşkilat tərəfindən görüləcək işlər barədə Nazirliyə və Azərbaycan Milli Elmlər Akademiyasına müraciət edilməli və abidələrin ilkin axtarış işlərinin aparılması üçün vəsait ayrılmalıdır.

Qoruğun ərazisində arxeoloji abidə aşkar olunarsa, Nazirliyin icazəsi olmadan və lazımi elmi tədbirlər görülmədən inşaat və təsərrüfat işlərinin aparılmasına yol verilmir.

Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, Nazirlik onların hərəkətinin məhdudlaşdırılması və ya qadağan edilməsi üçün “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görür.

Qoruq ərazisində mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər.

Qoruq ərazisində mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Nazirliklə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və onların salamatlılığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Qoruğun ərazisində yerləşən abidələrdən Nazirliyin razılığı ilə elmi, mədəni, dini, turizm, xidmət, yaşayış və təsərrüfat məqsədləri üçün istifadə edilə bilər. Abidələrdən istifadə onların qorunub saxlanılmasına zərər vurmamalı və tarixi-bədii dəyərinə xələl gətirməməlidir. Qoruğun ərazisində yerləşən abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz. Müstəsna hallarda burada yerləşən yerli əhəmiyyətli memarlıq abidələrinin hərbi hissələrin təsərrüfat və mədəni məqsədləri üçün istifadəsinə verilməsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla Nazirliyin razılığı ilə həyata keçirilir.

Qoruq ərazisində yerləşən daşınar abidələrin elmi-təbliğat və mədəni mübadilə məqsədilə Azərbaycan Respublikasından xaricə müvəqqəti aparılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir.

Həvəskar çəkilişlər istisna olmaqla Qoruq ərazisində və burada yerləşən abidələrdə kino, foto və video çəkilişlərinin aparılması üçün Nazirlikdən icazə alınmalıdır.

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Qoruğun ərazisində açıq məkanda reklam fəaliyyətinə nəzarət və bu sahədə tənzimləmə həyata keçirilir, o cümlədən reklam yerləşdirilməsinə icazə verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə, istismarına icazə verilir və həmin Məcəllə ilə müəyyən edilmiş tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydasına uyğun olaraq müvafiq tədbirlər görülür.

Qoruğun mühafizə zonasında reklam qurğuları (reklam) “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerləşdirilə bilər. Qoruq ərazisində yerləşən abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Qoruğun ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir. Qoruqda aparılan arxeoloji işlərə Nazirlik nəzarət edir. Arxeoloji və başqa qazıntılar Qoruğun boş hissəsində abidələrə zərər yetirilmədən aparılmalıdır. Aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qeyd edilməli, fotoşəkli və ya rəsmi çəkilməlidir. Qazıntı mövsümü başa çatdıqdan sonra bu sənədlərin bir nüsxəsi, aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı və aparılmış tədqiqat işləri barədə hesabat Nazirliyə və Azərbaycan Milli Elmlər Akademiyasına təqdim edilməlidir.

Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda saxlanılır. Qoruq ərazisində təsadüfən abidə aşkar etmiş şəxs abidə haqqında Nazirliyə məlumat verməlidir. Təsadüfən aşkar edilmiş abidə Nazirlik tərəfindən dövlət qeydiyyatına alınmalı və elmi sənədləşdirilməsi təmin edilməlidir.

Qoruq ərazisində yerləşən abidələr Azərbaycan Milli Elmlər Akademiyası, elmi tədqiqat və layihə institutları, abidələrin qorunması və bərpası ilə məşğul olan ictimai birliklər və ixtisaslı mütəxəssislər tərəfindən tədqiq oluna bilər.

Tədqiqat işlərinə başlamazdan əvvəl bu barədə Nazirliyə məlumat verilir. Nazirliyin razılığı olmadan yeni aşkar edilmiş memarlıq abidəsində tədqiqat işlərinin aparılması qadağandır. Qoruq ərazisində yerləşən abidələrin elmi tədqiqi, bərpası, regenerasiyası, rekonstruksiyası və konservasiyasında müvafiq beynəlxalq təşkilatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə iştirak edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 3768 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed