Şrift:
Səttar xan
22.01.2012 [11:54] - Türk böyükləri
Səttar xanın
Doğum tarixi: 20 oktyabr 1866-cı il
Doğum yeri: Bişək, Qaradağ xanlığı, İran
Vəfatı: 17 noyabr 1914-cü il (48 yaşında)
Vəfat yeri: Şah Əbdüləzim, Rey, Tehran, İran
Atası: Hacc Həsən Qaradağı
Uşağı: Məsümə; Sültan; Yadüllah
Milliyyəti: Türk

Həyatı

Səttar xan 1866-ci ildə İranın Qaradağ vilayətinin Bişək kəndində tacir ailəsində anadan olmuşdur.[1] 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttar xan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilir.

Fəaliyyəti

Səttar Xan
Şura Məclisi topa tutulduqdan, şahın 40 min nəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra, 1908-ci ilin iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq "Sərdari-milli" (Xalq sərkərdəsi) və "Salari-milli" (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.
Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərir. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə "Səttar xan" adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asilması haqqında fərman verir.
Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.
Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Bəzi mənbələrə görə Səttar xan əslən erməni olan Yəprəmxan adlı biri tərəfindən vurulmuşdur[2]. Aldığı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat edir və Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur. Qəbri 1924-cü ildə inqilabçılar tərəfindən təmir edilir.
1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən "Azadlıq cəbhəsi" qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttar xanın qəbri üstündə nitq söyləyir. 1945-ci ildə yaranmış Azərbaycan milli hökuməti onun və Bağır xanın heykəllərini Təbriz şəhərində ucaltmış, Təbriz küçələrinə onların adları verilmişdir.
Səttar xanın qəhrəmanlığına, onun xalqına və azadlıq inqilabına olan sədaqətini tərrənnüm edən saysız-hesabsız şeir və poemalar yazılmışdır.

1905-1911-ci illər İran inqilabı və ya Məşrutə hərəkatı — İrandakı şah rejiminə qarşı inqilab.

Cənubi Azərbaycanda qələbə çaldıqdan sonra, 19 mart, 1910-cu ildə Səttar xanın rəhbərliyi ilə Tehrana yürüş başlanıb. Səttar xan və Bağır xanın fədai dəstələri Təbrizdən Tehrana yola düşüblər Lakin İran monarxiyasının Rusiyanı köməyə çağırması ilə inqilab süqut (1911) etdi. Təbrizə daxil olan rus qoşunları inqilabçılara divan tutdular.

Məşrutə hərəkatına siyasi qiymət

Məşrutə hərəkatı 20-ci yüzildə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların "pioneri" adlandırmaq olar. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır.
Məşrutə qəhrəmanları sırasına milli qəhrəmanlarımızla yanaşı müxtəlif millətlərin – farsların, kürdlərin, ərəblərin, talışların, rusların, gürcülərin, polyakların, bolqarların, hətta uzaq Amerikadan məşrutəçilərə köməyə gəlmiş insanların da xatirələrini minnətdarlıqla yad etmək gərəkdir. Bu, bir daha göstərir ki, Məşrutə hərəkatı bir ölkə çərçivəsindən çıxıb beynəlxalq ictimaiyyətin nəzər-diqqətini özünə yönəldə bilmiş xalq hərəkatı, müstəbid rejimə və onun söykəndiyi əcnəbi müdaxilələrə qarşı mütərəqqi insanların mübarizəsi və həmrəyliyi idi. Bu yolda canlarını fəda etmiş Sərdari-milli Səttar xan, Salari-milli Bağırxanla yanaşı onların vəfalı silahdaşları Əli Müsyonun, Heydər Əmioğlunun, Şeyx Məhəmməd Xiyabaninin, yadların əli ilə dara çəkilmiş din xadimi Siqətülislam Təbrizinin, Məmmədtağı xanın, canını və bütün sərvətini Məşrutə yolunda qoymuş Hacı Mehdi Kuzəkünaninin, son nəfəsə qədər Məşrutə bayrağını yerə qoymayan Həsən xan Bağbanın, onun qardaşı Hüseyn xan Bağbanın, "Mərkəzi qeyb"in rəhbərləri, fəallarının (Hacı Rəsul Sədəqyani , Hacı Əli Davafiruş, Seyid Həsən Şərifzadə, Məhəmmədəli Tərbiyət, Cəfərağa Gənceyi, Mir Bağır ağa, Mirəli Əsgəri, Ağanağı Şücai, Məhəmməd Sadiq Xameyni və s.) və minlərlə məşrutə qəhrəmanlarının adlarını çəkib əziz xatirələrini yad etmək borcumuzdur".

Əsas məqalə: Səttar xan
Ötən yüzilin əvvəllərində Rusiyada çıxan "Novaya Vremya" dərgisinin "Xalq qəhrəmanı", İtaliya mətbuatının "İranın Hannibalı" adlandırdığı, Məşrutə hərəkatının rəhbəri Səttarxanın həyatı, onun keçdiyi mübarizə yolu, xüsusən Məşrutə hərəkatındakı tarixi rolu, sərkərdəlik məharəti və ömrümün faciəli sonluğu barədə danışan Ə.Rəhimli deyir: "Tehranın yaxınlığında, Həzrət Əbdüləzimin "Tuti" adlanan bağında adına və qəhrəmanlığına layiq olmayan çox sönük bir məzarda uyuyan Səttar Hacı oğlu 1867-ci il avqustun 16-da Qaradağda anadan olub. Atası Hacı Həsən ailəsini şəxsi təsərrüfatı və xırda alverlə dolandırarmış. Hacı Həsənin vəfat etmiş əvvəlki arvadından bir qızı və bir oğlu, sonrakı evləndiyi arvadından isə Səttar, İsmayıl və Qafar adlarında üç oğlu, bir qızı dünyaya gəlir. Səttar üçüncü oğlan uşağı idi. O, ilk təhsilini mollaxanada almış, erkən yaşlarında mədrəsəni tərk edərək təsərrüfat işlərində atasının köməkçisi olmuşdu".
Səttar uşaqlığından zirək imiş: "Çevik, uşaq oyunlarında belə məğlub olmağı sevməyən imiş, bu fərqləndirici cəhətlər onu öz yaşıdları arasında fəxri "xan" titulu ilə məşhurlaşdırmışdı. Səttarxanın böyüyüb boy atdığı ailə çarizmin, həm də şahlıq istibdadının barışmaz düşməni idi. Hər iki zülmkar rejimin əleyhinə çıxanlar çox vaxt Hacı Həsənin komasında sığınacaq tapırdılar. Çar məmurlarının zorakılığı əleyhinə olduğu üçün Arazın o biri sahilinə – Qaradağa keçən Fərhad adlı şəxs Səttarxanın qardaşı İsmayıl tərəfindən himayə olunmuşdu. Fərhadı himayə edib gizlətdiyi üçün Təbriz vəliəhdinin əmrilə İsmayıl dara çəkilmişdi.
Oğlunun dərdinə dözə bilməyən, həm də yerli məmurlar tərəfindən təqib olunub izlənilən Hacı Həsən Qaradağdan Təbrizə köçmək məcburiyyətində qalır. O, Təbrizdə uzun müddət yaşaya bilmir, xəstələnir və yenidən Qaradağa qayıdır. Az sonra burada vəfat edir və Ağyazı kəndindəki qəbiristanlıqda dəfn olunur".
Təbrizə köçdükdən sonra şəhərin sosial-siyasi mühiti və Səttarxanı əhatə edən insanlar onun dünyagörüşünün formalaşmasında, vətənə, xalqa bağlılıqda müstəsna rol oynayır: "Rejimin əleyhinə çıxan şəxsi müdafiə etdiyinə, həmin şəxsin tərəfini saxladığına görə 1898-ci ildə Səttarxan Təbrizdə həbs olunur və Ərdəbilin "Narın qala" zindanında iki ilə yaxın məhbus həyatı keçirməli olur.
Səttarxan həbsxanada tanış olduğu bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyilə zindandan qaçır. Bir müddət Təbrizdə və ətraf bölgələrdə gizli şəkildə yaşayan Səttarxan rejim əleyhinə, onun yerlərdəki məmurlarının xalqa etdikləri zülm və özbaşınalığına qarşı mübarizə aparan dəstələrə qoşulur. Bu haqda Seyid Əhməd Kəsrəvinin, İsmayıl Əmirxizinin, Kərim Tahirzadənin, Səməd Sərdariniyanın, Rəhim Rəisniyanın, Məmmədrza Afiyətin, rus şərqşünası S.M.İvanovun və başqa müəlliflərin əsərlərində dəyərli faktlar var. S.Ə.Kəsrəvinin yazdığından bəlli olur ki, Səttarxan məşrutəçilərə qoşulmazdan xeyli əvvəl dövlətin "qaçaqçı" adlandırdığı partizan dəstələri yaratmış, iqtidar nümayəndələrinə, zülmkar məmurlara və mülkədarlara qarşı hücumlar təşkil etmişdi. Rejim əleyhinə silahlı dəstələr təşkil etməzdən əvvəl Səttarxan Mərəndə gəlir və atasının tanışı Rzaqulu xanın vasitəsilə bir müddət Mərənd-Xoy-Salmas xətti üzrə yol mühafizəçisi vəzifəsində çalışır, çox keçmədən bu işi tərk edib əvvəl Tehrana, sonra isə Xorasana gedir və orada çox davam gətirə bilməyib yenidən Təbrizə dönür".
Səttarxan Təbrizə dönən vaxt artıq Təbriz rejimi əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı: "Xalq hərəkatının xofu qarşısında millətə məşrutə azadlıqları vəd edən Müzəffərəddin şahdan fərqli olaraq taxt-taca gələn Məhəmmədəli şah atasının millətə verdiyi vədləri yerinə yetirmək əvəzinə əcnəbi silahına söykənib xalqa divan tutmağa başlayır. Üstəlik İranı nüfuz dairəsinə çevirmək haqda 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı oldu. Bunun ardınca 1908-ci il iyun ayının 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutuldu. Ölkədə kütləvi həbslər və təqiblər başlandı.
Məşrutə hərəkatına ağır zərbə endirildiyi, verilmiş nisbi azadlıqların əldən alındığı, Əncümənlərin qapılarına qıfıl vurulduğu ağır günlərdə Azərbaycan, onun baş şəhəri Təbriz ayağa qalxdı. Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil etməkdə Səttarxan və onun silahdaşları başda olmaqla "Mərkəze-Qeyb"in, Müdafiə Şurasının və Təbriz əncüməninin böyük və danılmaz xidmətləri olmuşdu. Bu tarixi xidmət həm İranda, həm də onun hüdudlarından kənarda obyektiv tarixçilər və tədqiqatçılar tərəfindən dönə-dönə qeyd edilib. Məmmədəli şahın Məşrutə hərəkatına xəyanət etməsinə, rejimin işə saldığı zorakılığa və amansız cəza tədbirlərinə qarşı təbrizlilərin etirazı əvvəlcə bazar-dükanın bağlanması və kütləvi nümayişlərlə başlamışdı. Hakimiyyət orqanları və qoşun xalqa qarşı zor tətbiq etmək istədikdə məşrutəçilər zora zorla cavab vermək məcburəyyətində qalmışdılar".
Səttar xan Səttar xan
Bu xəbər oxucular tərəfindən 75044 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed