Şrift:
Azərbaycan ölkədəki hər bir dini obyektin qorunmasına ciddi yanaşır
01.05.2024 [10:33] - İslam dini
Azərbaycan hökuməti heç bir ayrı-seçkiliyə yol vermədən hər bir dini obyektin qorunmasına ciddi yanaşır.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın “Sir” xəbər agentliyinə müsahibəsində deyib.

"Azərbaycan ərazisində dini mənşəyindən asılı olmayaraq bütün tikililər çoxmillətli və multikultural cəmiyyətimizin xarakterini əks etdirən zəngin mədəni və dini irsimizin bir hissəsidir", - deyə o bildirib.

E.Əmirbəyovun sözlərinə görə, 2020-ci ilin noyabrında ikinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikasının səlahiyyətli orqanları qeyri-qanuni xarici işğal altında olan və müharibədən zərər çəkmiş ərazilərdəki bütün mədəniyyət və dini obyektlərin inventarlaşdırılmasını həyata keçirib:

"İki müharibədən sonra qalan və zədələnmiş həmin obyektlər hazırda bərpa prosesindədir, lakin təəssüf ki, bir çox mədəniyyət və dini abidələr işğalçı qüvvələr tərəfindən tamamilə dağıdılıb. Qarabağda və əvvəllər işğal olunmuş digər ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib".

Elçin Əmirbəyov onu da vurğulayıb ki, Azərbaycan öz mədəni və dini müxtəlifliyi ilə fəxr edən dünyəvi ölkədir, burada əsrlər boyu müsəlmanlar, xristianlar, yəhudilər və digər konfessiyaların nümayəndələri birgə mehribanlıq və dostluq şəraitində yaşayıblar:"Biz əminik ki, ölkələrimiz arasında tezliklə bağlanacağına ümid etdiyimiz sülh müqaviləsi dünyada ən uzun və faciəli hadisələrdən biri olan etnik münaqişələrdən birinə formal son qoymaqla yanaşı, Ermənilər və azərbaycanlılar arasında etimad və onların mehriban qonşular kimi, bir gün isə dost kimi yaşamasına imkan verəcəkdir".
Bu xəbər oxucular tərəfindən 2732 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed