Şrift:
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistrantları Böyük Britaniyanın qabaqcıl universitetinin diplomunu alacaqlar
29.03.2022 [09:25] - Gündəm, Gənclik
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman menecmenti ixtisası üzrə 2 magistrantı Böyük Britaniyanın Koventri Universitetində təhsillərini davam etdirərək hər iki ali təhsil ocağının diplomunu alacaqlar.

ADBTİA-nın mətbuat xidmətindən bildiriblər ki, bundan əlavə, Koventri Universitetində semestri bitirdikdən sonra tələbələr strateji liderlik və idarəetmə, peşəkar konsultasiya üzrə beynəlxalq sertifikat əldə edəcəklər.

Məlumatda bildirilib ki, bu uğur Akademiyanın inkişafı istiqamətində görülən işlərin məntiqi nəticəsidir. Belə ki, təhsil müəssisəsinin iki magistrantının xaricdə təhsil alması perspektivli və istedadlı gənclərin üzə çıxarılması, həmçinin ölkəmizdə bu sahədə peşəkar kadrların yetişdirilməsi deməkdir. Belə bir fəaliyyət gələcəyə hesablanmış əməkdaşlığın təməlidir.

Koventri Universitetinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman menecmenti” magistr proqramının standartını tanıması və müvafiq kreditləri qəbul etməsi nəticəsində bu əməkdaşlıq mümkün olub.

Qeyd edilən bu təhsil standartı Tübingen Universitetinin professoru, Avropa İdman İqtisadçılar Assosiasiyasının təsisçisi, Akademiyanın beynəlxalq konsultantı Tim Pavlovski tərəfindən dünya və Avropa standartlarına uyğun olaraq 2020-ci ildə yenidən tərtib edilib.
Bu xəbər oxucular tərəfindən 5889 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed