Şrift:
İran 107 milyonluq cərimə edildi - Kanadanın Ontario məhkəməsi qərar çıxardı
05.01.2022 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məhkəmənin qərarına əsasən İran tərəfi 2 il əvvəl Tehran hava limanı yaxınlığında SEPAH terror təşkilatının 2 raket zərbəsi ilə vurulan sərnişin təyyarəsi qurbanlarının ailələrinə 107 milyon dollar kompensasiya ödəməyə məhkum edib.

Bildirilir ki, məhkəmə Ukrayna sərnişin təyyarəsi qurbanlarından 6-nın ailələri tərəfindən irəli sürülmüş şikayəti əsasında təşkil edilib.

Ontario Ali Məhkəməsinin hakimi Edvard Blubabanın (Edward Belobaba) bununla bağlı çıxardığı hökmündə deyilir ki, mövcud bütün dəlil-sübutlar sərnişin təyyarəsinin qəsdən vurulduğunu sübut edib.

“Şikayətçilər Ukrayna təyyarəsinə edilən raket hücumunun terror bir aktı olduğunu sübuta yetiriblər.

Şikayətçilərin irəli sürdüyü dəlil-sübutlar və ekspertlərin də apardığı araşdırmaların nəticələri göstərir ki, Ukrayna təyyarəsi SEPAH raketləri ilə qəsdən vurulub”, -deyə Ontario Ali Məhkməsinin hakimi Edvard Blubaba bildirib.

Bildirilir ki, Ukrayna sərnişin təyyarəsinin qəsdən raketlə vurulmasında və buna göstəriş verilməsində İran lideri Əli Xamneyi, İran silahlı qüvvələrinin baş qərargahı rəisi Məhəmməd Baqiri, SEPAH-ın baş komandanı Hüseyn Salami, SEPAH-ın hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə və İran ordusunun komandanı Əbdülrəhim Musəvi günahlandırılırlar.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 8-də SEPAH terror təşkilatının iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışsa da, beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub.

Təyyarə qurbanlarının əksəriyyəti Kanada və Ukrayna vətəndaşlarıdır. Belə ki, hadisə qurbanlarının 55 nəfəri Kanada, qalanları isə Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətəndaşlarıdır.

Qeyd edək ki, “Vurulmuş Ukrayna təyyarəsinin qurbanları üçün Beynəlxalq Reaksiya və Koordinasiya Qrupu” çərçivəsində birgə əməkdaşlıq aparan dörd ölkə, Kanada, İsveç, Ukrayna və Böyük Britaniya 2021-ci il dekabrın 16-da məsələ ilə bağlı birgə bəyanat yaymışdı.

Onlar sərnişin təyyarəsinin vurulması ilə bağlı suallara cavab vermək üçün İrana 2022-ci il yanvarın 5-ə qədər vaxt vermişdilər.

Bəyanatda deyilir ki, İran rejiminin təyyarənin vurulması ilə bağlı suallara cavab verməsi və hadisə qurbanlarının ailələrinə kompensasiya (təzminat) ödəmək üçün yanvarın 5-ə qədər vaxt verilir və əgər həmin müddətdə rəsmi Tehran problemin həlli üçün əməli addım atmasa, onlar İran və onun rəhbərlərini beynəlxalq məhkəməyə verəcəklər.
Bu xəbər oxucular tərəfindən 1027 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed