Şrift:
Azərbaycanlı gənclər “Ze! Molodyojka” ilə əməkdaşlığı genişləndirir
09.12.2021 [10:07] - Xəbərlər, Gənclik
Ukrayna Azərbaycanlıları Radasında “Ze! Molodyojka” gənclər təşkilatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Alina Poddubnaya, Ukrayna Azərbaycanlıları Gənclər Radasının (UAGR) sədri Vaqif Nağıyev və gənc fəallar ilə görüş keçirilib

Giriş sözü ilə qonaqları salamlayan Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov “Ze! Molodyojka” ilə üçüncü dəfə görüşdüklərini xatırladaraq bildirib ki, əməkdaşlığın intensivləşməsi sevindiricidir. “Təşkilatlararası münasibətlərin peşəkarcasına qurulması və daha da inkişaf etdirilməsi üçün qarşılıqlı memorandum imzalanması vacibdir”, - deyən C.Məmmədov UAR həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov və “Ze!Molodyojka” rəhbəri, deputat Aleksandr Sançenko tərəfindən imzalanacaq memorandumun gənclərimiz üçün böyük dəstək olacağını vurğulayıb. UAR-ın baş katibi gənclərin birgə tədbirlərinin təşkilinə hər zaman dəstək verəcəklərini bildirib.

İlk beynəlxalq əlaqələrinin Azərbaycan diasporu və gənclər təşkilatları ilə başladığını bildirən Ze!Molodyojka təmsilçisi Alina Poddubnaya görüş iştirakçılarına təşəkkür edib. Memorandum proyekti üzərində çalışacaqlarını bildirən şöbə rəhbəri azərbaycanlı gənclərlə işləməkdən məmnun olduqlarını qeyd edib. “Ze! Molodyojka”nın 3000 aktiv üzvü var. Kiyev və Nikolayev təşkilatlarının rəhbərləri isə etnik azərbaycanlılardır. Biz belə gəncələri daha çox aramızda görmək istəyirik”, - deyən Alina Poddubnaya multikultural dəyərlərə hər zaman üstünlük verdiklərini vurğulayıb. Gənclər üçün liderlik, ilk tibbi təcili yardım, natiqlik seminarları, həftə sonu marafonları kimi yarışlar təşkil etdiklərini bildirən Alina Poddubnaya azərbaycanlı gəncləri də aktiv olmağa çağırıb.

UAGR-ın sədri Vaqif Nağıyev ilk əməkdaşlıq təklifi verib. “Qarşıdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyli Günü gəlir. Bu münasibətlə gənclər arasında futzal turniri keçirməyi planlaşdırırıq”, - deyən V.Nağıyev “Ze! Molodyojka”nı turnirdə iştiraka dəvət edib. UAGR sədri qeyd edib ki, fərqli mövzularda debatların təşkili gənclərin hərtərəfli inkişafına faydalı olacaq.
Bu xəbər oxucular tərəfindən 6974 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed