Şrift:
Güney Azərbaycan milli davasının cəngavəri
10.11.2019 [23:50] - Müsahibə
Abdulla Cavanşir Əmirhaşimi: "Kimsənin ixtiyarı yoxdur ki, Azərbaycan türklərinin varlığını inkar etsin, assimilyasiya siyasətini bizlərə qarşı tətbiq etsin"
"Qeyri-rəsmi şəkildə dünyanın bütün güclü dövlətlərinin İranla silah alveri davam edir"

Abdulla Cavanşir Əmirhaşimi (Çaroymaqlı) Güney Azərbaycan Milli Hərəkatının ən stajlı veteranlarından biridir. Yaşı 70-i haqlasa da, yola çıxdığı davadan bir gün də olsun ayrı qalmayıb. Məhəmmədrza Pəhləvi istibdadının və eləcə də 40 ildir ölkəni idarə edən mollakratiya rejiminin zindanlarında minbir işgəncələrə məruz qalıb. Ancaq heç zaman milli mücadilə yolundan geri çəkilməyib. Həyatı boyu aclıq və səfalət içində yaşamağa, təqiblərə, ağır məhrumiyyətlərə məhkum edilsə də, onun tək qazancı milli davanın ön sıralarında durmaq olub. Bu mübarizə yolunda bir çox yol yoldaşlarını itirib. Ancaq heç zaman geri çəkilməyib. İnanclarına 50 ildir sadiq qalan və bu yolda mübarizəsini davam etdirən Cavanşir bəylə görüşdük. Onun Güney Azərbaycanla bağlı görüşlərini oxucularımızla bölüşmək istədik.

"Artıq Avropada dərk edirlər ki, İran adlanan ölkəni tarixən türklər idarə edib"

– Siz hazırda Avropada mühacirətdə yaşamaq məcburiyyətində qalmısınız. Oradan Güney Azərbaycan necə görünür?

– Artıq Avropada dərk edirlər ki, İran adlanan ölkəni tarixən türklər idarə edib. Bu gün həmin ölkədə 40 milyon türk insanı yaşayır. Amma hüquqları tanınmır. 1925-ci ildə İran adlı ölkədə hakimiyyətə gətirilən Rza Pəhləvi dönəmindən biz türkləri inkar siyasəti dövlət maraqlarının strateji hədəflərindən biri olub və bu proses 40 ildir hakimiyyətdə olan molla rejimi tərəfindən də davam etdirilir. Tarixi proseslərə və indiki duruma diqqət yetirdikdə assimliasiya siyasəti dəhşət saçır. Qərbin İran məsələsində olan baxılarına görə etiraf etməliyik ki, Güneylə bağlı fikirlərimiz üst-üstə düşmür. Qərb keçmişdə olduğu kimi indi də hakimiyyətin fars ünsürünün üstünlüyü şərtləri içində və qondarma “irani”lik kimliyinin öndə olmasını müdafiə edir. Biz demək olar ki, bir saat da olsun boş durmuruq. Qərbin Yaxın Şərq və İranla bağlı bütün institutları ilə görüşürük və onlara Güney Azərbaycanı anladırıq. Xalqların hüquqlarını izah edirik. Etiraf etməliyik ki, bizim ən böyük problemlərimizdən biri odur ki, güclü təşkilatlarımız yoxdur. Ona görə də həm Güney Azərbaycanın özündə, həm də beynəlxalq birlik qarısında konkret nəticələri ortaya qoya bilmirik. Bir yandan da Avropa və İran adlanan ölkə arasında açıq və ya gizli şəkildə güclü münasibətlər mövcuddur. Hər dövlət Orta Doğuda olduğu kimi, İranla da silah alverində maraqlıdır. Biz heç də dinc oturmamışıq və daim çalışırıq. Türkiyəyə uzun müddət sərgilədikləri baxışları bu gün də bizə tərəf yönəldiblər. Qərb öncələr heç Azərbaycan Respublikasını tanımaq istəmirdi. Ermənilərə buna görə müdafiə edirdilər. Son illərdə isə qismən buzlar əriyibdir. Qərb artıq başa düşübdür ki, ABŞ-ın yedəyində getməklə onun avantürasını müdafiə etmək olmaz. O da bəllidir ki, İran molla rejiminin atom silahı məsələsinə görə birləşiblər.

"Molla rejimi şah rejiminin istismarçı sisteminin davamıdır"

– Keçmiş pəhləvi xanədanlığının, yəni şahpərəstlərin İranda hakimiyyətə gəlməsi mümkündürmü?

– Qərbin bəzi dövlətləri bu məsələdə nəinki maraqlıdırlar, hətta cabfəşanlıq da edirlər. Məsələyə bu cür yanaşmanın yalnılıqları isə demokratik proseslərə çox ciddi zərbədir. Elə keçmişdə olduğu kimi, pəhləvilər rejimi daim istibdad yolunu tutubdur. Nə fərqi var ki, hakimiyyətdə şahpərəstlər olsun, ya da indiki mollalar. Hər iki güc diktatorluq və istibdad siyasətini yürüdüblər. Məhz belə bir durumla bağlı olaraq alternativ güc kimi mollalar önə çıxıblar. Bu gün təəssüflər olsun ki, aparılan təbliğat “Pəhləvi diktaturası”na hesablanıbdır. Yəni xalq məcbur olub molla rejimini deyil, şahçıları seçsin. Beləliklə də İranda demokratiya, xalqların hüquqlarının tanınması, yerli idarəetmə, sosial-iqtisadi siyasətin ədalətli olması deyil, molla rejiminin cinayətlərini reklam etməklə özlərini önə çəkirlər. Halbuki, molla rejimi şah rejiminin istismarçı sisteminin davamıdır.

"Dünyanın ən böyük duz yatağı sayılan Urmu Gölü qurusaydı, duz tozları Orta Doğu, Qafqaz, Balkanlar və Mərkəzi Avropanın təbiətinə daha ağır zərbələr vuracaqdı"

– Bütün bunları görüb də demokratiya uğrunda mübarizə aparan təşkilatlar varmı?

– Güney Azərbaycan və digər xalqların bir sıra təşkilatları var. Bu təşkilatlar olmasa idi, molla rejimi daha çox qəddarlıq edərdi. Urmu Gölünün ətrafında yaranmış ekoloji böhranın həll edilməsi və bunun nəticəsi dediklərimizə bir sübutdur. Biz demək olar ki, bütün beynəlxalq təşkilatları və dövlətləri əməlli başlı silkələyə və inandıra bildik ki, Urmu Gölü ətrafında molla rejiminin yaratdığı ekoloji problemlər bəşəri faciədir. Dünyanın ən böyük duz yatağı sayılan Urmu Gölü qurusaydı, duz tozları Orta Doğu, Qafqaz, Balkanlar və Mərkəzi Avropanın təbiətinə daha ağır zərbələr vuracaqdı. Beynəlxalq birlik bu ekoloji fəlakətin dərinliyini dərk etdikdən sonra Tehran rejimini problemi həll etməyə vadar etdi. Bu bizim ən böyük uğurlarımızdan biridir. Hal-hazırda demokratik proseslər maarifçilik xətti üzrə, yəni ana dilinin tədrisi, milli dildə qəzet və jurnalların nəşri, eləcə də televiziya kanallarının fəaliyyət göstərməsi, bir sıra mədəni cəmiyyətlərin yaradılması istiqamətində gedir. Bəzən hakimiyyət bu silahı öz əlinə keçirməyə çalışır. İranda “Türk Deputat Qrupu”nun yaranması, “Azərbaycan Şairlər Cəmiyyəti”, bir sıra mədəni təsisatların orta çıxması demokratiya uğrunda mübarizənin təsirindən yaranıbdır.

– Molla rejiminə qarşı müxalifətdə olan şahçılar, xalqın mücahidləri və sair iranpərəst siyasi güclər mövcud iqtidarı devirmək gücünə malikdirlərmi?

– İndi elə bir dövrdür ki, heç bir siyasi güc təkbaşına hakimiyyəti ələ keçirə bilməz. İraq, Suriya, Misir və digər dövlətlərin son tarixi buna sübutdur. Ona görə də bütün güclər bir araya gəldiyində və demokratik təsisatların təməl prinsipləri əsasında istənilən avtoritar rejimi devirmək çox asan başa gələ bilər. Tunis, Əlcəzair və Nigeriyada olduğu kimi.

– Bir həqiqət də var. Neçə illərdir ki, ABŞ İran molla rejiminə qarşı embarqo tətbiq edib. Bunun sonu necə olacaq?

– Bayaq qeyd etdiyimiz kimi, qeyri-rəsmi şəkildə dünyanın bütün güclü dövlətlərinin İranla silah alveri davam edir. Axı hər şeyi dollar həll edir. Embarqonun tətbiq edilməsi əslində qara bazarda silah satışının məzənnəsini qaldırmaq üçündür. Embarqo daha çox hakimiyyətə deyil, sadə insanlara və xalqa dəhşətsaçan zərbələr vurur. Əslində bu, bir iqtisadi müharibədir. Bunun nəticəsi olaraq, bizim mübarizəmizə çox ciddi şəkildə ağır zərbə vurulur. İnsanlar bir yandan molla rejiminin zülmü və işgəncələri altında, digər yandan isə iqtisadi sıxıntıların əzabları içində yaşamaq zorunda qalırlar. Maddi sıxıntı içində əzilən xalqın milli mücadilə aparması olduqca çətindir. Əslində embarqonun tətbiqindən ən çox yararlanan molla rejimini idarə edənlərdir. Fikrimizcə, embarqonun şərtləri dəyişməlidir. Fikir azadlığı, söz azadlığı və insan hüquqları və demokratik prosesləri önə çəkməliyik.

"Fars şovinist dairələri mümkün qədər bu prosesin qarşısını almaq siyasətini yürüdürlər"

– Seyid Cəfər Pişəvərinin qurucusu olduğu Azərbaycan Demokrat Firqəsi 59 il öncə zorla İran Xalq Partiyasına birləşdirilmişdi. Son günlər Firqə bu partiyadan ayrılmaq barəsində qərar verib. Bir sözlə, tarixi ədalət bərpa edildi.

– Əslində 1991-ci ildə “soyuq savaş”a son verildikdən sonra “İran Xalq Partiyası”nın III qurultayının nəticəsi olaraq Azərbaycan Demokrat Firqəsi öz statusunu bərpa etmişdi. Lakin Firqənin mühacirətdəki bəzi liderlərinin zəifliyi ucbatından təşkilatın dirçəlməsinə imkan verilmədi. Milli Hərəkata qoşulan gənclərdən istifadə etməyə şərait yaradılmadı. Yəni 80 illik tarixi yol keçmiş bir partiyanın gəncləşdirilməsi və onların vahid milli gücə çevrilməsi prosesləri ləngidildi. Son bir ildə bu sahədə müsbət addımlar gözə çarpır. Azərbaycan Demokrat Firqəsinin bu günkü rəhbərlərinin öz çiyinlərinə aldıqları tarixi məsuliyyəti başa düşüb İrandakı proseslərə təsir imkanlarını gücləndirməklə çox ciddi addımlar atmalıdırlar. Onu da xatırladırıq ki, son 70 ildə təkcə Azərbaycan Demokrat Firqəsi rəsmiyyətə keçməklə demokratik əsaslarla öz Milli Hökumətini qura bilibdir. Elə bu gün də bizlər bu hakimiyyətin təsiri ilə İran və ya Avropa ilə istənilən danışıqları apara bilərik. Bunu isbat etmək üçün minlərlə sənədlər var.

– Cavanşir bəy, siz 1978-ci il Bəhmən İnqilabından sonra Azərbaycan Demokrat Firqəsinin 7 nəfərdən ibarət İcraiyyə Komitəsinin üzvü olmusunuz. Bu gün Firqənin İran Xalq Partiyasından ayrılmasını necə qiymətləndirirsiniz? İndi mühacirətdə Güney Azərbaycan adına çoxsaylı təşkilatlar yaranıb. Onlar bir araya gəlib konfranslar və ya hansısa forumlar keçirirlərmi?

– Güney Azərbaycanda gedən milli demokratik proseslər digər xalqlardan tamamilə fərqlənir. Çünki Güney Azərbaycan Milli Hərəkatı hakimiyyətə öz təsirini artırmaqdadır. Lakin fars şovinist dairələri mümkün qədər bu prosesin qarşısını almaq siyasətini yürüdürlər. O da bəllidir ki, Güneydəki bu prosesləri önləmək mümkün olan iş deyil. Ancaq onu da etiraf etmək gərəkdir ki, qüsurlarımız az deyil. Bunun üçün də sürətlə maariflənmə məsələsi gücləndirilməlidir. Biz indiki durumdan daha güclü olmalıyıq. Sülhü də qılıncla qorumağı bacarmalıyıq. Ordu olmasa yurd olmaz.

"Xalqımızın istiqlalı və istiqbalı olmayınca üzümüz gülməyəcək"

– 50 ildən çoxdur milli mücadilənin içindəsiniz. Şahlıq və molla rejimlərinin zindanlarını görmüsünüz, eləcə də uzun illərdir mühacir həyatı yaşayırsınız. Bütün bunlar sizi yormayıb ki?
– Bir daha dünyaya gəlsəydim elə bu yolu seçərdim. Bu, bir milli borcdur. Hər bir insan mənsub olduğu xalqın ruhunu yaşatmağı bacarmalıdır. Bu yol mənim alnıma yazılıb. Təbii aləmin çoxlu rəngləri var. Heç kimsə deyə bilməz ki, filan rəng pisdir. Hər rəngin özünə məxsus çaları və dəyəri var. Xalqlar da elədir. Kimsənin ixtiyarı yoxdur ki, biz Azərbaycan türklərinin varlığını inkar etsin, aşağılasın, görməzlikdən gəlsin, assimilyasiya siyasətini bizlərə qarşı tətbiq etsin. Bizlər dünyaya göz açdığımızda Azərbaycanın milli varlığının son qalası olan Azərbaycan Demokrat Firqəsinin gördüyü möhtəşəm işlərin dəyərlərini anlamağa çalışdıq. Daha sonralar isə bu prosesin yaşadıqlması üçün milli mücadilə yolunu tutduq. Bir sözlə, Firqənin ideyalarını bu günümüzə və sabahımıza daşımağı həyatımızın ayrılmaz parçasına çevirdik. Bundan gözəl iş nə ola bilər ki? Şeyx Məhəmməd Xiyabaninin çox yaxşı bir deyimi var: “And olsun şərəfimə, bir millətin ki, istiqlalı yoxdur, onun heç nəyi yoxdur”. Bizim xalqımızın istiqlalı və istiqbalı olmayınca üzümüz gülməyəcək. Dünyanın mədəni xalqları səviyyəsində dəyəri də olmayacaq. Biz xalqımızın uğrunda buna görə mücadilə aparırıq. XXI yüzil inanıram ki, bu möhtəşəm prosesdə xalqımız üçün düşərli olacaq. Çünki dünən fərdlərdən ibarət olan mücadilə yoldaşlarımızın sıraları milyonları aşmaqdadır.

Söhbətləşdi: Ənvər Yusifoğlu
Bu xəbər oxucular tərəfindən 7827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed