Şrift:
Professor İlbər Ortaylı: “Türklər Anadoluya Azərbaycandan gediblər”
22.04.2019 [11:43] - Xəbərlər, Türk dünyası-Turan, Müsahibə
Turkustan.info türkiyəli professor İlbər Ortaylının ONA-ya müsahibəsini təqdim edir:
– İlbər bəy, Azərbaycana xoş gəlmisiniz. Yəqin özünüz də hiss edirsiniz, kənardan da aydın müşahidə olunur ki, ölkəmizə hər gəlişinizdə böyük sevgi və coşqu ilə qarşılanırsınız. Bu cür münasibət sizə təəccüblü gəlmir ki? Sizcə, bunun səbəbi nədir?
– Xeyr, təəccüblü deyil. Azərbaycan mənim üçün önəmli yerdir. Mən Azərbaycanı çox sevirəm. Yəqin ona görə də hər gəlişimdə insanlardan böyük sevgi və maraq görürəm. 20 yaşımda Azərbaycan tarixini oxuyurdum, Sabiri oxuyurdum. Mən gəncliyimdə buradakı xalq musiqisi ilə, muğamlarla böyüdüm, Türkiyədəki xalq musiqisini dinləmədim.
– Türklərin Ön Asiyaya – Azərbaycan, İran və Anadoluya nə zaman gəlməsi hər zaman müzakirə mövzusudur. İstər Azərbaycan, istər Türkiyə, istərsə də dünya tarixşünaslığında bununla bağlı mübahisələr hələ də davam edir. Sizin bu məsələ ilə bağlı fikriniz nədən ibarətdir?
– Türklər buradan keçib Anadoluya gediblər. Bu, çox aydın məsələdir. Azərbaycanda Oğuz ləhcəsində danışırlar, biz də Oğuz ləhcəsində danışırıq. Özü də türklərin buradan keçməsi çox qədim dövrdə olmayıb, yaxın tarixdə keçdilər.
– Səlcuqlar zamanında?
– Bəli. Biz Anadolu Səlcuqlarıyıq. Bura isə Böyük Səlcuqlara aiddir.
– Ortaq türk tarixinin necə yazılması ilə bağlı sizin fikrinizi bilmək istərdik…
– Ortaq türk tarixi rəqabətdən ibarətdir. Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Qacarlar dövründə Osmanlı ilə aralarında rəqabət yaşanıb. Xüsusən də Səfəvilərlə Osmanlılar arasında Avropa miqyasında rəqabət olub. Çünki bunlar iki iddialı dövlət idilər. Hətta ittifaqları belə fərqli, bir-birinə qarşı idi, bu da normaldır. Bu iki dövlətin ikisi də türkcə danışırdı. Ağqoyunlu və Qaraqoyunlu dövründə bəzən türkcə yazışmalar aparılırdı, amma yazılarda fars dilindən istifadə olunurdu. Bizdə isə yazışmalar türkcə aparılırdı. Amma bununla yanaşı, Osmanlıda da farsca bilirdilər, Yavuz Sultan Səlim İsmayıl qədər farsca bilirdi. Yəni biz də burdakılar qədər fars ədəbiyyatını bilirdik. Sonradan bizim fars dili ilə əlaqəmiz kəsildi, İran Azərbaycanında isə qaldı. Zatən hazırda fars mədəniyyətini də onlar daşıyır, sayları da çoxdur, xeyli alimləri də var. Sərhədlər bəzi şeyləri bölür deyə, Azərbaycanda fars dilini bilənlər azalıb, amma fars dili mütəxəssisləri çoxdur. Bizdə də azalmışdı, hazırda artıb. İran bizdən əskilməz. İran mədəniyyəti bizim üçün Antik Yunan mədəniyyəti kimidir. Bizdə İran mədəniyyəti həmişə olub.
– Türk xanədanları arasındakı ixtilaflar gənc nəslə necə təqdim olunmalıdır?
– Onların ixtilafları gənc nəslə heç bir şəkildə təsir etməz və etməməlidir də. Hər halda, Sultan Səlim Yavuzla Şah İsmayıl kimi dava edəsi deyilik. Gedirik-gəlirik, bura Anadoludan gələn tələbələrlə doludur, bizim oralar da buradan gedən tələbələrlə doludur. Hətta Kipr (Şimali Kipr nəzərdə tutulur – red.) universitetlərində nə qədər azərbaycanlı tələbə təhsil alır, Kiprin burada nümayəndəliyi də açılıb. Bu əlaqələr son illərdə daha çox artıb və bu, məni çox sevindirir.
Bu xəbər oxucular tərəfindən 6322 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed