Şrift:
Səfəvi dövlətində idarəçilik və hərbi təşkilat
16.04.2019 [11:39] - Xəbərlər, Türkün şanlı tarixi
Azərbaycan türkləri tərəfindən yaradılmış Səfəvi dövləti yazılı mənbələrdə Dövləti Qızılbaş, yaxud Səfəvilər Dövləti adı ilə tanınırdı. 1501-1736-cı illərdə mövcud olan Dövləti Qızılbaş öz adını tarixə bir Azərbaycan türklərinin imperatorluğu kimi əbədi yazdırmışdı.

Əmir əl-üməra

Əmirlərin əmiri deməkdir. Şahdan sonra dövlətin idarə işlərində ən yüksək vəzifə idi.Əmir əl –üməra bütün silahlı qüvvələrə başçılıq edirdi. I Şah İsmayıl(1501-1524) 1501-ci ildə Hüseyn bəy Lələ Şamlını əmir əl-üməra təyin etdi.1530-cu ildə I Şah Təhmasib(1524-1576) öz iki bacısı oğlunu Hüseyn xanı və Abdulla xanı əmir əl –üməra təyin etmişdi.Əmir əl –üməralar tez-tez dəyişdirilirdi.

Lələ

Səfəvilər dövlətində mövcud olan vəzifələrdən biri də lələdir. Lələ şah və yaxud xanın oğlan uşaqlarının tərbiyəçisi idi.

Bəylərbəyi

Səfəvilər dövründə müəyyən vilayətlərin hakimi hesab olunurdu.O,inzibati vəzifə daşımaqla yanaşı,yerli qoşun hərbi hissələrinə də başçılıq edirdi. Bəylərbəyi şah tərəfindən təyin olunurdu və xüsusi hallarda bu vəzifə irsi olaraq nəsildən-nəsilə keçirdi.Səfəvi dövlətinin ərazisində 13 bəylərbəyi var idi, onlardan 4-ü Azərbaycan ərazisində idi: Azərbaycan,Qarabağ (Gəncə), Şirvan və Çuxur-Səd bəylərbəylikləri.

Xan rütbəsi: Səfəvi Dövlətində ordu komandanları bu rütbəni ( Səfəvi Dövlətində general rütbəsi idi) daşıyırdı.”Xülasət ət-tavarix”də göstərilir ki,I Şah İsmayıl 1515-ci ildə Əmir Sultan Mosulluya xanlıq rütbəsi bəxş edib, onu bir yaşlı oğlu Təhmasibə lələ təyin etmişdir.

Qorçibaşı və Qorçilər

Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin (Səfəvi daimi və seçmə xüsusi təyinatlı ordusu) qorçuların başçısı olub dövlətin sütunu hesab olunurdu. Qorçibaşı etimad əl-dövlədən sonra Səfəvi dövlətinin ən böyük əmirlərindən hesab olunurdu.Bütün qorçilərin işini qorçibaşı idarə edirdi. Qorçilərin maaşları və tiyulları qorçibaşının icazəsi və təsdiqi ilə verilirdi.

XVI əsrin birinci yarısında bəzən(xüsusən müharibə vaxtı) qorçibaşı vəzifəsi əmir vəzifəsindən yüksək olmuşdur. Qorçibaşı müharibə günü əmirlərin əksəriyyətindən yüksək mövqe tuturdu. Qorçibaşıların böyük imtiyazları var idi: hətta onlar valilərin təyin olunmasında da mühüm rol oynayırdılar. Mənbələrdən aydın olur ki,qorçibaşı vəzifəsi XVIII əsrədək ən yüksək vəzifə olaraq qalmaqda idi.Ümumi dövlət qorçibaşılarından başqa ayrı –ayrı əyalətlərin (bəylərbəyliklərin) və qızılbaş tayfalarının öz qorçibaşısı var idi.Qorçilər Səfəvi şahlarının qızılbaş tayfalarından ibarət seçmə daimi ordu döyüşçüləri idilər.Qorçi sözü Azərbaycan türkcəsində “qoruyucu” mənasındadı.

Yazılı mənbələrdə qorçilərin geyimləri, silahları və sairə haqqında da məlumat verilir.Əsasən Azərbaycan türklərindən ibarət olan bu qorçilərin papaqları qırmızı rəngdə olurdu. Belə bir baş geyimini I Şah İsmayılın atası Şeyx Heydər öz müridləri və əsgərləri üçün müəyyən etmişdi. Məhz buna görə də onlara qızılbaş deyilirdi. Başlarına qırmızı papaq qoyan qorçilər müharibəyə yola düşən zaman başlarına zəncirli, zirehli dəbilqələr qoyurdular.Qorçilərin xüsusi fərqləndirən əlamətləri-uzun bığları olurdu.Qorçilər hərbi təşkilatlarının yarandığı ilk dövrlər adətən ox,qılınc,balta,xəncər və qalxanla silahlanırdı.

İlk dəfə olaraq “Xülasət ət- təvarix”in Berlin nüsxəsində bu sözün qoruqçu şəklinə də təsadüf edilir.Əlyazmada qorçilərdən Sultan Ustaclunun, Əhməd bəy Əfşarın və başqalarının adları çəkilir.Qorçilər elit xüsusi təyinatlı seçmə daimi ordu hərbi hissələri kimi döyüşlərdə, hərbi əməliyyatlarda fəal iştirak edirdilər.”Xülasət ət –təvarix”də göstərilir ki,Bakı qalasının ətrafındakı döyüş zamanı I Şah İsmayıl əmir verdi ki,qorçilər xəndəkləri daşla doldursunlar.Şah İsmayıl qoşuna xəbər göndərmək üçün də qorçilərdən istifadə edirdi.1528-ci ildə Qızılbaşlarla Şeybani xanlarından I Übeydulla xanın(1533-1539)qoşunları arasında baş verən döyüş zamanı Səfəvi şahlarının qorçilərindən biri Übeydulla xanı təqib edir və onu qılıncla yaralayır.

“Xülasət ət-təvarix”də göstərilir ki,ən etibarlı hərbi qüvvə hesab edilən qorçilərin eyni zamanda ən təhlükəli və xüsusi şəxslərin mühafizəsi zamanı istifadə olunurdu.Belə ki,Osmanlı sultanı I Süleymanın oğlu oğlu Bayəzid 1559-cu ildə I ŞahTəhmasib tərəfindən həbs edilib dövlətxanasının bir hücrəsində saxlanırdı. Bu vaxt onun mühafizəsi bir dəstə qorçiyə tapşırılmışdı.Şahın hüsn-rəğbətini qazanan qorçilərə daha yüksək vəzifələr həvalə olunurdu.II Şah İsmayıl 1557-ci ildə Qorçi İmamqulu bəy Qacarı bəylərbəyi vəzifəsinə təyin edərək Gəncə və Qarabağa göndərdi.

“Xülasət ət-təvarix”də qorçiyane-hərəm, qorçiyane xasseyi-şərif, qorçiyane xasse,qorçiyane şəmşir,qorçiyane keşik və sairə qeyd olunur.Hərəm qorçiləri şahın hərəmxanasının keşiyini çəkirdilər.”Təzkirət əl-müluk” də göstərilir ki,qorçibaşılar qorçiləri müxtəlif işlərə göndərirdilər.Şahın silahdarlarına yaraq qorçiləri deyilirdi.Bu qorçilər saray məclislərində,qonaqlıqlarda şahın ətrafında dururdular.Gördükləri işlərdən asılı olaraq yaraq qorçiləri aşağıdakı kimi adlanırdılar: qılınc qorçisi, xəncər qorçisi, nizə qorçisi, kaman qorçisi, geyim (zireh) qorçisi,başmaq qorçisi,məndil qorçisi və sairə.Əncərlu qorçiləri 100 nəfərdən ibarət olub jandarm vəzifəsini ifadə edirdilər.Şah tərəfindən qorçilərə torpaq paylandığı məlumdur. Xass torpaqları olan Qəzvin və Savucbulaq bir dəstə qorçiyə verilmişdir.Lakin I Şah Abbasın hakimiyyəti dövründə (1588-1629) qorçilərin sayını 30000 nəfərə çatdırdı.

Təvaçibaşı

Səfəvi Dövlətində təsadüf edilən vəzifələrdən biri təvaçibaşıdır.Təvaçi müharibə gözlənilən təqdirdə dövlətin tabeliyində olan əyalətlərə gedərək hərbi qüvvə tolayan əmirlər olmuşlar.Onlar döyüşçüləri səfərbər edir, ordunun hara toplaşacağını bildirirdilər.1584-cü ildə İsmayılqulu xan Şamlı təvaçibaşı vəzifəsini icra edirdi və Qəzvin şəhərinin də tiyula verildiyi məlum olur.

Yüzbaşı

Yüzbaşı vəzifəsi əsasən Səfəvilər dövründə meydana gəlmiş və sonra da müəyyən müddət mövcud olmuşdu.Yüzbaşı yüz nəfər hərbçi və ya mülki şəxsin başçısı idi.”Xülasət ət –təvarix”də bir sıra yüzbaşıların adları çəkilərək daşıdıqları vəzifələr göstərilir.

I Şah İsmayıl 1502-ci ildə Məhəmməd Yüzbaşıya Şirvanşahlar əleyhinə xüsusi hərbi tapşırıq vermişdi.I Şah Təhmasibin də yüzbaşılar içərisində yaxın adamları var idi.”Xülasət ət –təvarix”də belə yüzbaşılardan Həsən bəy Yüzbaşı Ustaclunun adı qeyd olunur.Həmin əlyazmada yüzbaşıların elçi sifətiilə xarici ölkələrə göndərildiyi məlum olur.I Şah Təhmasib 1558-ci ildə Həsən Bəy Yüzbaşı Ustaclunu çoxlu ənamlarla (silah,paltar,qızıl,sikkə,at və sairə) Bayəzidi qarşılamağa göndərmişdi. I Şah Təhmasibin, həmçinin yüzbaşı Əliağa Ağca Saqqala xüsusi etimad bəsləyərək onu Türkiyə hökmdarı Sultan Süleyman Qanuninin (1520-1566) yanına elçi göndərdiyi məlumdur. Məxəzlərdə yüzbaşigəriye, hərəm, yüzbaşıy-e hərəm vəzifələrinin də mövcud olduğu aydınlaşır.

Mülazim: Səfəvilərin hakimiyyəti dövründə şaha,əmirə və müxtəlif dövlət qulluqçularına xidmət edən adamlara,o cümlədən vergi toplayan məmurlara mülazim deyilirdi. Şahların və yerli hakimlərin mülazimlərdən ibarət süvari qoşun dəstələri olurdu. 1499-cu ildə I Şah İsmayıl öz yaxın mülazimləri ilə birlikdə Şirvanşah Fərruxu məğlub etmək məqsədi ilə Şirvana gəlmişdi. Səfəvi sarayında xüsusi xidmət sahibi olan Buluqlu bəy Zülqədrə 500 nəfər mülazim verilmişdi.

Rəise-həsar

Rəise –həsar burada həsar şəhər qalası mənasında işlədilir. Rəise-həsar kutvaldan fərqli olaraq şəhər qalasının rəisi hesab olunur.

Çərxçilər

XVI əsrin bir sıra yazılı mənbələrində olduğu kimi “Xülasət ət –təvarix”də də çərxçilər haqqında məlumat verilir.Çərxçi qoşunun önündə gedən,döyüş zamanında meydana öncə çıxarılan dəstə olmuşdur.Çərxçi qoşunu əsasən,Səfəvilər dövründə mövcud olmuşdur.1507-ci ildə I Şah İsmayılın əmirlərindən Xan Məhəmməd Ustaclu öz qardaşı Qara bəyi 600 nəfər süvarinin çərxçisi vəzifəsinə təyin etmişdir.Çərxçi vəzifəsi qoruqçu vəzifəsindən daha yüksək hesab edilərək qorçubaşı ilə eyni səviyyədə idi.Çərxçilərə rəhbərlik edən şəxs çərxçibaşı adlanırdı.I Şah İsmayıl 1514-cü ildə Osmanlı Sultanı I Səlimlə müharibə zamanı qorçu vəzifəsində olan Sarı Pir Ustaclunu çərxçi təyin edir.Sonra çərxçi vəzifəsində olan Sarı Pir Ustaclu bir dəstə çərxçi ilə birlikdə cəsarətlə Osmanlı ordusu üzərinə hücum etmşdir.I Şah İsmayıl bir dəstə bahadırı çərxçi təyin etmişdi. Tarixi mənbələrdən məlum olur ki,Osmanlı ordusunda da çərxçi hərbi hissəsi mövcud idi. Səfəvi Dövlətində Muçi,Qaziye-muəsgər (Əsgər qazisi), ləşgərnevis hərbi rütbələri də mövcud olmuşdu.Muçi qoşunda böyük əhəmiyyətə malik hərbi rütbə idi. Qaziye-muəsgər orduda şəriət qanunları əsasında hüquqi işlər aparırdı.”Xülasət ət-təvarix”də göstərilir ki,Müzəfərəddin Əli Encu qoşunda qaziye-muəsgər vəzifəsi ilə yanaşı sədr vəzifəsini də aparırdı.

1563-cü ildə isə dövrünün tanınmış alimlərindən hesab olunan Mirəla əl-Mülki Məreşi əsgər qazisi vəzifəsinə təyin edilmişdi.Ləşgərnevislər qoşuna aid məsələlərlə məşğul olub və xüsusi dəftərində lazımı qeydlər aparırdılar. Ləşgərnevevislər-Ləşgərnevisi-vəziri-sərkar, mülazim ağa və qulluqçulardan ibarət idi. Ləşgərnevislərin hesabına görə Səfəvi şahının ordusunda ustaclu tayfaından 16 min nəfər iştirak edirdi. I Şah Abbasın hakimiyyəti dövründə Ağa Şahəli Dövlətbəyi ləşgərnevis vəzifəsinə təyin edilmişdi.

Ələmdar

Ələmdar isə təntənəli bayram günlərində ələm gəzdirirdi.1555-ci ildə şahzadə Sultan İbrahim Mirzəni seyidlər,xadimlər,əmirlər və vəzirlər tam hörmətlə qarşıladılar.Ələmdarlar bu vaxt ələmləri qaldırdılar.

Carçı-şah, vali hakim tərəfindən bir xəbəri, yaxud mətləbi küçədə, bazarda, şəhər meydanında və ya xalq arasında uca səslə elan edirdi. Əlyazmalarda hətta I Şah Təhmasibin oğlanlarından Musa Mirzənin carçı olduğu göstərilir. Mənbələrdə adı çəkilən monhinin də vəzifəsi carçıya bənzəyirdi.1531-ci ildə monhilər (hərbi xəbərləri verən carçılar) və təvaçilər şahzadə Əlqas Mirzənin 4000 nəfərlik qoşunla köməyə gəldiyini I Şah Təhmasibə xəbər verdilər.

Səfəvilər Dövləti idarəçilik və hərbi təşkilatı ilə həmişə diqqətləri özünə çəkə bilir.Azərbaycan türklərinin qurduğu bu dövlət təkcə hərb tariximizdə deyil, eləcə də dövlət quruculuğu tariximizdə mühüm yer tutur.

Elşən Mirişli, tarixçi
Bu xəbər oxucular tərəfindən 33179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed