Şrift:
Fərəc Quliyev Rasim Gənzəlinin vəfatı ilə bağlı başsağlığı verdi
13.08.2018 [15:33] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinin humanitar məsələlər üzrə müşaviri, yazıçı-publisist Rasim Gənzəli vəfat edib. Bununla bağlı partiyanın sədri, millət vəkili Fərəc Quliyev şəxsi və partiyadaşları adından başsağlığı verib. Başsağlığında deyilir:

“Rasim Gənzəlinin vəfatı bizi dərindən sarsıtdı. Bu bizim üçün çox ağır itkidir.

Rasim Gənzəli sahib olduğu zəngin mənəvi dəyərləri ilə kamillik zirvəsinə çatmış bir şəxsiyyət idi. O, insanlıqdan sıyrılıb çıxmış, Allaha yaxın böyük biri idi…

Bu zənginliyinin altında Rasim bəy insani və bəşəri düşüncəsi, yüksək alicənablığı, ziyalı təfəkkürü, milli ideoloji baxışları, mübarizliyi və ədəbi yaradıcılığı ilə cəmiyyətdə böyük hörmətə sahib bir insan idi.

Rasim Gənzəlinin fiziki məhdudiyyəti vardı. Lakin o, milyonlarla əlil olmayan kimi görünənlərdən daha “sağlam” idi.

Anadan fiziki məhdudiyyətli doğulmasına baxmayaraq, hələ uşaqlığı və gəncliyində fərdi olaraq orta və ali təhsilə yiyələnməsi, onun həyata baxışının nə qədər dolu və dərin olmasını, eyni zamanda daxili inam və mübarizliyinin göstəriciləri idi.

Bu mübarizlik onun bütün həyatı boyu müşahidə olundu. Ötən əsrin sonlarında Sovet İmperiyasına qarşı başlanmış Azadlıq Hərəkatında da Rasim bəy öz aktiv fəaliyyəti və fədakarlığı ilə seçilirdi. 1990-cı ildə 20 Yanvar faciəsindən sonra Sovet hökuməti Azərbaycana dəmir yolu ilə bağlı blokada tətbiq edən zaman, o “Azadlıq” radiosu vasitəsiylə bu barədə dünyanı məlumatlandırmaq üçün bəyanatla çıxış etmişdir. Bundan əlavə Rasim bəy hadisələrlə bağlı cəmiyyəti məlumatlandırmaq üçün mütamadi olaraq mətbuatda dolğun məqalələr dərc etdirirdi.

Bəşəri düşüncə və milli mənəvi dəyərlərin təbliği istiqamətində Rasim bəy yorulmadan çalışan bir insan idi. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rasim Gənzəli 600-dən çox publisistik yazıların və 10 kitabın müəllifidir.

Bunlardan əlavə Rasim bəy millətin dirçəlişi naminə daim siyasi fəaliyyətdə olan bir düşüncə adamı kimi tanınıb. Milli Dirçəliş Hərəkatı Partiyasında sədrin humanitar məsələlər üzrə müşaviri kimi Rasim bəy, partiyada olduqca dəyərli fəaliyyət sərgiləyib. O, daim bütün partiyadaşları tərəfindən böyük hörmət və dərin sayğıyla qarşılanıb.

Mənim üçün isə ideyadşım və dostum olaraq Rasim Gənzəli əlinə silah götürə bulməyən, amma ən güclü döyüşçüm idi.

Rasim Gənzəli nəinki partiyadaşları və ideyadaşları üçün, eyni zamanda bütün onu tanıyanlar, fəaliyyəti və yaradıcılığı ilə tanış olanlar üçün böyük ürəyə sahib dəyərli bir şəxsiyyət idi.

Onun dünyasını dəyişməsi bütövlükdə Azərbaycan xalqının itkisidir. Bu ağır itki ilə bağlı şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından mücadilə dostumuz Rasim Gənzəliyə Allahdan rəhmət, bütün onu sevən və dəyər verənlərə səbr diləyirik.

Yeri Cənnət, ruhu şad olsun!”



Milli Dirçəliş Hərəkatı Partiyasının

Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 2067 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed